29 may

Tarixdə bir ilk: Atom stansiyası müharibə qəniməti kimi istifadə olunur - ŞƏRH

Rusiya Ukraynanın cənub-şərqində yerləşən Zaporojye Atom Elektrik Stansiyasını öz enerji sisteminə tam şəkildə qoşmağa hazırlaşır. Bu, təkcə texniki deyil, həm də geosiyasi və presedent yaradan bir addımdır. Müasir tarixdə ilk dəfə olaraq nüvə obyektinin müharibə nəticəsində qənimət kimi ələ keçirilməsi və onun təyinatının dəyişdirilməsi prosesi gedir.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır və müharibəyə qədər Ukraynanın enerji sistemində mühüm rol oynayırdı. 2022-ci ilin martında Rusiya bu obyektin yerləşdiyi ərazini işğal etdikdən sonra stansiyaya nəzarəti öz əlinə aldı. Hazırda Rusiya stansiyanı Ukraynanın enerji sistemindən tam ayıraraq özünün müvəqqəti işğal etdiyi ərazilər və Rusiya Federasiyasının enerji şəbəkəsi ilə birləşdirmək niyyətindədir.

Bu addım bəşər tarixində nüvə energetikasının ilk dəfə açıq şəkildə müharibə qəniməti kimi istifadə olunmasıdır. Əvvəllər münaqişələr zamanı nüvə obyektləri ya qorunur, ya da beynəlxalq nəzarət altına alınırdı. Lakin bu halda Zaporojye AES işğal edilir, istismar olunur və siyasi təzyiq alətinə çevrilir. Bu, beynəlxalq hüquq və nüvə təhlükəsizliyi prinsiplərinə ciddi zərbə vurur.

Atom obyektinin hərbi münaqişə zonasına çevrilməsi regionda nüvə qəzası təhlükəsini artırmaqla yanaşı, nüvə stansiyasının Ukrayna mülkiyyətində qalmasına baxmayaraq, onun Rusiya şəbəkəsinə qoşulması beynəlxalq hüquqa zidd və işğalın legitimləşdirilməsinə xidmət edir.

Zaporojye AES-in Rusiya şəbəkəsinə qoşulması yalnız texniki məsələ deyil, həm də çox təhlükəli beynəlxalq presedentdir. Əgər bu təcrübəyə göz yumulsa, gələcəkdə digər münaqişə zonalarında da nüvə obyektlərinin hərbi məqsədlərlə ələ keçirilməsi adi hala çevrilə bilər.

Bu hadisə nüvə energetikasının qlobal statusuna, beynəlxalq hüququn əsaslarına və müharibənin sərhədlərinə meydan oxuyan bir dönüş nöqtəsi hesab edilə bilər. Dünya ictimaiyyəti bu presedentə susarsa, sabah bu ssenari başqa regionlarda da təkrarlana bilər.

TƏHLİL ANALİTİK QRUPU

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?