Zelenski: "Üçtərəfli danışıqlar Türkiyədə aparıla bilər"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş Birləşmiş Ərəb Əmirliklərində, İsveçrədə, Türkiyədə və ya başqa bir ölkədə keçirilə bilər.
Təhlil.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
“Görüş Əmirliklərdə, İsveçrədə, Türkiyədə və digər ölkələrdə keçirilə bilər. Bizim təcrübəmiz var, müxtəlif ölkələrdən dəvətlər almışıq”, – deyə Zelenski çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüş zamanı müzakirə edilə biləcək məsələlər arasında enerji və taxıl ixracı da var.
“Təkcə müzakirə etmək yox, konkret nəticə əldə etmək lazımdır”, – prezident qeyd edib.
Eyni zamanda, Zelenski humanitar məsələləri danışıqların prioritetlərindən biri adlandırıb. O, ilk növbədə hərbi əsirlərin mübadiləsini qeyd edərək, “mübadilələrin sayını artırmaq və prosesi sürətləndirmək lazımdır”, – deyə vurğulayıb.