Mərmərə dənizində gəmi batdı, 10 nəfər itkin düşdü

Türkiyənin Mərmərə dənizində, Silivri sahillərindən təxminən 18 mil aralıda iki ticarət gəmisi toqquşub. Hadisə nəticəsində 10 nəfərlik heyəti olan “Tuğberk İmamoğlu” quru yük gəmisinin batdığı bildirilir.
Təhlil.az xəbər verir ki, qəza gecə saat 03:15 radələrində “Tuğberk İmamoğlu” ilə “Alsu” tankerinin toqquşması nəticəsində baş verib.
İskəndərundan Karadeniz Ereğliyə 4 199 ton rulon polad daşıyan “Tuğberk İmamoğlu” gəmisinin heyəti ilə toqquşmadan sonra əlaqə yaratmaq mümkün olmayıb. Heyət üzvlərinin mobil telefonlarına edilən zənglər də cavabsız qalıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, qəza ilə bağlı ilk çağırış saat 03:26-da daxil olub. O bildirib ki, gəmi cəmi 11 dəqiqə ərzində batıb.
Gəmiyə məxsus xilasetmə vasitələri dəniz səthində aşkarlansa da, onların içərisində heyət üzvlərindən heç biri tapılmayıb. Hələlik 10 nəfərlik heyətdən sağ çıxan barədə məlumat yoxdur.
Hazırda hadisə yerində 14 axtarış-xilasetmə vasitəsi və bir helikopter fəaliyyət göstərir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
İlkin məlumata görə, “Alsu” tankerində gözlə görünən ciddi zərər aşkarlanmayıb.