26 may

Qırğızıstan Bakı ilə İrəvan arasında sülh sazişi üçün meydan təklif edir

Cənubi Qafqazda sülhün imzalanması istiqamətində yeni vasitəçilik təklifi Mərkəzi Asiyadan gəlib.

Təhlil.az xəbər verir ki,  Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamada ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün meydan təklif etməyə hazır olduğunu bildirib.

Ermənistan parlamentinin rəhbəri Alen Simonyan isə cavabında qeyd edib ki, İrəvan sülh sazişini imzalamağa hazırdır. Tərəflər arasında keçirilən görüşdə yalnız sülh prosesi deyil, eyni zamanda parlamentlərarası əməkdaşlıq və dostluq qruplarının fəallaşdırılması da müzakirə olunub.

Xatırlatmaq yerinə düşər ki, cari ilin 13 mart tarixində Azərbaycan və Ermənistan nümayəndə heyətləri sülh sazişi layihəsinin mətni üzrə razılığa gəldiklərini açıqlamışdılar. Razılaşdırılmış sənəddə uzun müddət mübahisə doğuran son iki məsələ üzrə də ortaq mövqe əldə olunub.

Bunlara aşağıdakılar daxildir:

Tərəflərin sərhəd boyunca üçüncü ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsindən imtinası;

Beynəlxalq məhkəmələrdə bir-birinə qarşı hüquqi iddialardan qarşılıqlı şəkildə əl çəkmək öhdəliyi.

Bununla yanaşı, Azərbaycan tərəfi yekun sazişin imzalanması üçün əlavə iki əsas şərt irəli sürür.  Onlardan biri  Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi (mübahisəli ərazilərlə bağlı mövcud müddəaların aradan qaldırılması məqsədilə), digəri isə ATƏT-in Minsk Qrupunun hüquqi olaraq ləğv edilməsidir.  Bu kontekstdə Qırğızıstanın sülh sazişinin imzalanması üçün neytral platforma təqdim etməyə hazır olduğunu bəyan etməsi, prosesin irəliləməsinə töhfə verə, eyni zamanda diplomatik danışıqlara əlverişli mühit yarada bilər.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?