26 may

Ermənistan seçkiyə qalmaqalla gedir: Köçəryan və Sarkisyan üz-üzə - ŞƏRH

Ermənistanda 2025-ci ilin iyununda keçiriləcək parlament seçkiləri ölkənin siyasi səhnəsində təkcə gərginlik yox, həm də revanşist qüvvələrin bir-birini “günahkar elan etmə yarışı” ilə yadda qalacaq kimi görünür. Köhnə tanışlar Robert Köçəryan və Serj Sarkisyan hakimiyyət uğrunda savaşa yenidən başlayıblar. Amma bu dəfə onların hədəfi yalnız baş nazir Nikol Paşinyan deyil, bir-birləridir.

“Kimin ucbatından Paşinyan gəldi?” sualı ətrafında alovlanan qarşılıqlı ittihamlar, 2018-ci ilin məxməri inqilabını bugünkü siyasi gərginliyin əsas “arxivinə” çevirib. Köçəryan Sarkisyanı “aciz” adlandırır, Sarkisyan isə onu “yalançı” olmaqda ittiham edir. Qəribəsi odur ki, öz aralarında razılaşa bilməyən bu qüvvələr indi yenidən Ermənistanı “xilas etmək” iddiasındadır.

Bu siyasi teatrın fonunda isə daha ciddi və hüquqi təhlükələr var. Baş Prokurorluq Köçəryan ailəsinin onlarla daşınmaz əmlakını, milyonlarla dollar pulunu və biznes paylarını müsadirə etmək istəyir. Eyni zamanda, Serj Sarkisyan da bir neçə korrupsiya işi üzrə müttəhim statusunda qalır. Onların adları təkcə siyasi ritorikada yox, həm də rüşvət, torpaq maxinasiyaları, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı tez-tez hallanır. 

İndiki hakimiyyət isə bu vəziyyətdən  Paşinyanın xeyrinə istifadə etməyə çalışır. Sarkisyan və Köçəryan barədə kompromatlarla dolu dosyelər üzə çıxarılır, prokurorluq illər öncəki qalmaqallı işləri yenidən gündəmə gətirir. “Köhnə simalar yenidən səhnəyə qayıtmaq istəyirsə, əvvəlcə keçmişin hesabını verməlidirlər”. Bu, İrəvan küçələrində və siyasi dairələrdə getdikcə daha çox səslənən fikirdir.

Nəticə etibarilə, Ermənistanda parlament seçkiləri ətrafında təkcə siyasi yox, həm də şəxsi qisas, hesablaşma və ifşa marafonu başlayıb. Bu prosesin sonunda kimin qalib gələcəyi bəlli deyil. Amma bir şey artıq aydındır. 2025 seçkiləri Ermənistanda keçmişlə gələcəyin toqquşduğu ən sərt siyasi döngələrdən biri olacaq. Və bu döngədən “sürücüsüz” keçmək mümkün görünmür.

MTM Analitik Qrupu 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?