ABŞ İranla müharibədə yeni yol axtarır

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin inkişafı ilə bağlı üç mümkün ssenarini nəzərdən keçirir.
Təhlil.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu ssenarilər arasında hərbi eskalasiya, İrana qarşı yeni sanksiyalar tətbiq etməklə iqtisadi təzyiqlərin gücləndirilməsi, həmçinin ABŞ-nin müharibədə qələbə qazandığını elan edərək münaqişədən çıxması yer alır.
"Nəşrin məlumatına görə, son həftələrdə bu variantların hər biri ABŞ-nin vitse-prezidenti Cey Di Vens, müdafiə naziri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşlərdə müzakirə olunub", – deyə qəzet qeyd edib.
“The New York Times” vurğulayır ki, beş aydır davam edən münaqişə ərzində ABŞ qarşıya qoyduğu məqsədlərə, o cümlədən "üstün hərbi güc" tətbiq etməklə İranda hakimiyyət dəyişikliyinə nail ola bilməyib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.