İran ABŞ-nin Qətərdəki aviabazasına hücum edib

İran 15-ci hücum dalğası çərçivəsində ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd aviabazasını hədəfə aldığını bildirib.
Təhlil.az xəbər verir ki, bu barədə ölkənin IRIB dövlət xəbər agentliyi məlumat yayıb.
SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) bəyanatında qeyd olunub ki, İranın hücumları nəticəsində uzaqmənzilli radiolokasiya sistemi və ABŞ-yə məxsus bir neçə strateji yanacaqdoldurma təyyarəsi məhv edilib.
"Bölgədəki bazaların sahibi olan Amerika bilməlidir ki, qırmızı xətlərin keçilməsi, insanlara və mülki infrastruktura hücum çox ağır və acınacaqlı bədəl tələb edəcək. Düşmən bu xətti davam etdirəcəyi təqdirdə, onu daha sarsıdıcı cavablar gözləyir”,- deyə bəyanatda bildirilib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən, demək olar ki, iflic vəziyyətə gəlib.