Britaniyada saxlanılan pakistanlı Azərbaycana ekstradisiya edilir

Beynəlxalq axtarışda olan Pakistan İslam Respublikasının vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Təhlil.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanladığı ekstradisiya sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində həmin şəxsin Azərbaycana ekstradisiyası barədə razılıq əldə edilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallarla Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici bankların müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqın məlumatına əsasən, o, qanunsuz əldə edilən vəsait hesabına Bakı şəhərində fəaliyyət göstərən mağazalardan onlayn qaydada müxtəlif məhsullar alıb, daha sonra həmin malları səyyar qaydada sataraq vəsaiti nağdlaşdırıb, eləcə də digər qanunsuz əməllər törədib.
Toplanmış sübutlar əsasında barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün onun barəsində həbs qətimkan tədbiri seçilib və Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.
Baş Prokurorluğun məlumatına görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qasım Sohail Mohammad oğlu Birləşmiş Krallıq ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq bildirib ki, beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar və İnterpol ilə əməkdaşlıq davam etdiriləcək.