Ceyhun Bayramov: "Azərbaycan sərhədin 13 kilometrlik hissəsini delimitasiya edib"

Ermənistanla 13 kilometrə yaxın dövlət sərhədi delimitasiya edilib, o ərazilərdə demarkasiya işləri də görülüb.
Təhlil.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, aparılan işin ilkin müsbət nəticələri müşahidə olunub.
"Delimitasiya prosesi istiqamətində iki ölkə arasında iş gedir. Hər iki ölkə səviyyəsində bununla bağlı komissiya yaradılıb.Çoxsaylı normativ aktlar da qəbul edilib. Bəlli bir razılaşmalar əldə edilib ki, delimitasiya şimaldan cənuba doğru davam edir. Eksklav kənd məsələləri öz həllini tapacaq. Sülh sazişinin yekunkaşdırılması ilə Azərbaycan tərəfinin üzərinə düşən bütün işlər tamamlanıb", - deyə o bildirib.
Qeyd edək ki, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatına görə, görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər:
• "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat";
• "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat";
• "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat".
Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.