Tramp: ABŞ-İran atəşkəsi başa çatdı

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını düşündüyünü bildirib.
Təhlil.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Ankarada Türkiyənin ev sahibliyi etdiyi NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdə jurnalistlərin ABŞ və İran arasında sülh razılaşmaları ilə bağlı sualını cavablandırarkən bildirib.
“Bu, çox maraqlı sualdır. Məncə, bununla hər şey bitdi. Artıq onlarla iş görmək istəmirəm”, - deyə ABŞ Prezidenti qeyd edib.
ABŞ lideri İran rəhbərliyini "qəzəbli və aqressiv insanlar" kimi qələmə verib.
Tramp İran məsələsində NATO müttəfiqlərinin köməyinə ehtiyaclarının olmadığını deyib:
“NATO-dan məmnun deyiləm. Onlar bizə kömək etmədilər, amma bizim onların köməyinə ehtiyacımız da yox idi. Sadəcə kömək edib-etməyəcəklərini yoxlayırdım”.
İran böhranı barədə Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə müzakirə apardığını deyən Ağ Ev rəhbəri İspaniya ilə bağlı narazılığını ifadə edib:
“Onlar pis tərəfdaşlardır. Biz onlarla hər şeyi, o cümlədən ticarəti dayandırdıq. İspaniya NATO tərkibində də heç bir işdə iştirak etmir. Biz onları daim qorumağa davam edə bilmərik. Mən hətta onlarla danışmıram da. Artıq İspaniya ilə işimiz yoxdur."
Qeyd edək ki, bu gün Ankara şəhərində NATO lidelrərinin növbəti zirvə toplantısı keçirilir. Bu gün 32 ölkənin dövlət və hökümət başçıları bir araya gələrək müdafiə xərcləri, İran böhranı, Avropanın təhlükəsizliyi və alyansın gələcəyi ilə bağlı mühüm məsələləri müzakirə edəcək.