Xankəndi, Xocalı və Ağdərəyə daha 180 nəfər köçürülüb

Bu gün Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə 44 ailə qayıdıb.
Təhlil.az-ın xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (34 nəfər), Xocalı rayonunun Ballıca kəndinə 2 ailə (7 nəfər), Badara kəndinə 2 ailə (5 nəfər), Xanabad kəndinə 2 ailə (5 nəfər) köçürülüb.
Eyni zamanda Ağdərə rayonunun Həsənriz kəndinə 53 nəfərdən ibarət 13 ailə, Çıldıran kəndinə də 13 ailə olmaqla 53 nəfər, Vəngli kəndinə isə 4 ailə - 23 nəfər qayıdıb. Doğma yurdlarına qayıdan sakinlər yaşayış məntəqələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar.
Qeyd edək ki, köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olub.