Bu gün

23 İyun – Dövlət qulluqçularının peşə bayramı günüdür

Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis edilib.

Təhlil.az xəbər verir ki, tarixin seçilməsi təsadüfi deyil. Belə ki, BMT Baş Assambleyası 23 iyunu Dövlət Qulluğu Günü elan edib və Azərbaycan da bu beynəlxalq təşəbbüsə qoşulub.

Müstəqil Azərbaycanın dövlət idarəetmə sisteminin formalaşdırılması və dövlət qulluğu institutunun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, peşəkar və müasir dövlət idarəçiliyi sisteminin əsasını qoydu. Dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və dövlət qulluqçularının fəaliyyətinin vahid prinsiplər əsasında qurulması istiqamətində mühüm islahatlar həyata keçirildi.

Bu sahədə ən vacib addımlardan biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi oldu. Həmin qanun dövlət qulluğunun hüquqi əsaslarını müəyyənləşdirdi, dövlət qulluqçularının hüquq və vəzifələrini tənzimlədi, bu sahədə şəffaf və peşəkar fəaliyyət üçün mühüm zəmin yaratdı.

Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə dövlət idarəçiliyinin modernləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, şəffaflığın və səmərəliliyin artırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət qulluğunda peşəkarlığın yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması və müasir idarəetmə prinsiplərinin tətbiqi prioritet istiqamətlərdən biri olaraq qalır.

Bu gün dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafında, dövlət siyasətinin həyata keçirilməsində və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsində mühüm rol oynayırlar. Dövlət qulluğunun əsas prinsipləri qanunun aliliyi, vətəndaşlara xidmət, peşəkarlıq, şəffaflıq və məsuliyyət hesab olunur.

23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə bu sahədə çalışan bütün əməkdaşları təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Dövlətçiliyimizin möhkəmlənməsi naminə xidmət göstərən hər bir dövlət qulluqçusunun əməyi yüksək dəyərə layiqdir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?