Keçid balları dəyişəcək? DİM sədri gözləntiləri açıqladı

Hazırda gözləntimiz odur ki, plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq.
Təhlil.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə mediaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, hələ bununla bağlı yekun məlumat yoxdur.
"Keçid ballarının necə formalaşdığını biz artıq 30 ildir izah edirik. Birincisi, müsabiqəyə buraxılma şərti var. Yəni siz müəyyən bir bal toplamalısınız ki, müsabiqəyə buraxılasınız. Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200 bal, 150 bal, bəzi qabiliyyət tələb edən ixtisaslarda isə 60 bal ola bilər. İlk olaraq, siz müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər. İkincisi, həmin istiqamət üzrə neçə plan yeri ayrıldığı da ildən-ilə dəyişir. Üçüncüsü, sizin seçmək istədiyiniz ixtisasa neçə nəfərin ərizə verməsi də hər il fərqli olur. Təsəvvür edin ki, imtahanda 100 min nəfər iştirak edir və onlardan, məsələn, 60 min nəfər müsabiqəyə buraxılır. Bu qədər iştirakçının hansı ixtisası seçəcəyini, kimlərin hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma son 30 ildə, xüsusilə də son 10 ildə müəyyən tendensiyaları müşahidə edirik. Nəhayət, elə bir vəziyyət yarandı ki, hüquq fakültəsinin keçid balı ilə riyaziyyat müəllimliyi ixtisasının keçid balı eyni oldu. Bir vaxtlar bu səviyyədə olan uşaqlar hüquqa gedirdilərsə, indi isə riyaziyyat müəllimliyini də seçirlər. Bu, cəmiyyətimiz üçün çox yaxşı bir dəyişiklikdir. Kim hansı ixtisası seçəcək? Əlbəttə, ənənəvi seçimlər var. Amma bu ənənəvi seçimlər zamanla dəyişir. Son on ildə İT texnologiyalarına marağın necə artdığına diqqət edin. Bundan sonra da dəyişikliklər olacaq. Bu proses tədricən gedir. Biz bir il əvvəlcədən deyə bilmərik ki, hansısa ixtisas üzrə keçid balları aşağı düşəcək, yoxsa artacaq. Təbii ki, ola bilər ki, hansısa ixtisas bağlansın və ya plan yerləri azalsın. Bu halda keçid balları arta bilər. Hazırda gözləntimiz odur ki, plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq. Amma hələ bununla bağlı yekun məlumat yoxdur. Ona görə də qəti fikir söyləmək düzgün olmaz. Keçid ballarını formalaşdıran əsas amillərdən biri də abituriyentlərin bilik səviyyəsidir. Bu il nəticələr təxminən keçən ilin səviyyəsindədir. Ona görə də hansısa kəskin sıçrayışın və ya ciddi enişin olacağını əvvəlcədən söyləmək düzgün deyil. Biz ümumilikdə keçən ilki səviyyəni gözləyirik. Bununla belə, müəyyən dəyişikliklər ola bilər.
Bu prosesin ən sadə tərəfi də budur ki, əvvəlcədən dəqiq müəyyən etmək mümkün deyil ki, məsələn, 536 balla qəbul olacaqsınız, amma 534 balla olmayacaqsınız. Belə dəqiq proqnozlar vermək düzgün deyil. Biz yalnız təxmini olaraq deyə bilərik ki, 500-dən yuxarı, 600-dən yuxarı və ya 300-dən yuxarı nəticə göstərənlər müəyyən ixtisaslar üzrə necə paylana bilərlər. Məsələn, bu il kənd təsərrüfatı ilə bağlı yeni proqramlar qəbul olundu. Bəlkə də bu il gənclər düşünəcəklər ki, gələcəkdə kənd təsərrüfatı ölkə iqtisadiyyatı üçün daha vacib sahələrdən biri olacaq. Ola bilər ki, bu sahəyə maraq artsın və dördüncü qrup üzrə yüksək nəticə göstərənlər kənd təsərrüfatı ixtisaslarını seçsinlər. Mən bunu indidən bilə bilmərəm, heç kim də bilə bilməz. Amma biz istərdik ki, belə dəyişikliklər olsun və abituriyentlər ixtisas seçərkən ilk növbədə öz maraqlarını, özlərini gələcəkdə hansı sahədə gördüklərini nəzərə alsınlar", - DİM sədri qeyd edib.
Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də Trend Beynəlxalq İnformasiya Agentliyində və "Baku TV" televiziya kanalında yayımlanacaq.